ÖLÜMƏ QƏDƏR 10. Dil ilə gözəl sonluğu istəyib əməl ilə ona can atmalıdır. ÖLÜMƏ QƏDƏRRamil SoltanovMərhəmətli, Rəhimli Allahın adı ilə Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. “Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və ancaq məsəlman olduğunuz halda ölün!”[1] “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da onun üçün zövcə (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən (həzər edin)! Həqiqətən, Allah sizə Nəzarət edəndir!”[2] “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar”.[3] Əsrlərdir insanları düşündürən, onlar üçün qaçınılmaz olan və heç zaman çarə tapa bilmədikləri bir reallıq mövcuddur. Bu reallıq dünya durduqca öz qüvvəsində qalacaqdır və cismində ruhu olan hər bir məxluq onunla gec-tez qarşılaşacaqdır. Bu risaləmizdə haqqında danışacağımız ölüm elə bir şeydir ki, hər kəs onu dadacaqdır. Uca Allah buyurur: “Hər bir kəs ölümü dadacaqdır”.[4] Əbədi yaşamağı, bu dünya həyatında əbədi olaraq ömür sürməyi arzu edənlərin çox olmasına baxmayaraq, ölümdən yayınmaq mümkünsüzdür. Uca Allah buyurur: “Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə”.[5] Ölümdən qaçmaq, gizlənmək imkansızdır. Ondan heç bir sığınacaq yeri olmaz. “De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.[6] Səhl ibn Səd (Allah ondan razı olsun) rəvayət edir ki, Cəbrayıl (Ona Allahın salamı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yanına gələrək dedi: “Ey Muhəmməd, necə istəyirsən yaşa onsuz da öləcəksən, kimi istəyirsən sev onsuz da ondan ayrılacaqsan, nə istəyirsən et onsuz da onun əvəzini alacaqsan”.[7] Müsəlman ölümü həmişə xatırlamalıdır. Bilməlidir ki, dünyaya gəlib-getmiş hər bir Adəm övladı kimi əvvəl-axır o da ölümü dadacaqdır. Ölümü tez-tez xatırlmaq, ona hazırlıq görüb axirət həyatı üçün özünə azuqə yığmaq hər bir müsəlmana vacibdir. Sələfilərin həyat tərzinə baxdıqda onların hər zaman ölümü xatırlayıb və onun üçün hazırlıq gördüklərinin şahidi oluruq. Əbu əd-Dərdə (Allah ondan razı olsun) buyurur: “Ölümü tez-tez xatırlayın, o zaman çox şeyə paxıllıq etməyəcək və çox şeyə sevinməyəcəksiniz”. Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhmət eləsin) buyurmuşdur: “İki şey mənə bu dünyanın ləzzətindən dadmağa imkan vermirdi. Bunlar – ölüm haqqında fikirləşmək və Uca Allahın qarşısında necə duracağımı düşünməkdir”. Adətən dilimizdə belə bir ifadə var ²vaxtsız ölüm². Cavan və ya uşaq yaşlarında ölən üçün ²vaxtsız ölüm onu haqladı² deyirlər. Lakin gəlin bir anlıq düşünək ki, ölümə vaxtsız demək nə dərcədə doğrudur. Əslində bu yanlış ifadə öz vədəsində gələn ölümün dəqiq vaxtını bilməməyimizdən qaynaqlanır. Hamı öləcəyini yəqin bildiyi halda nə özünə, nə də başqalarına ölümün nə vaxt gələcəyini bilmir. Hətta son dərəcə inkişaf etmiş müasir tibb elmi ən ağır xəstələrdə belə ölümün dəqiq tarixini müəyyən edə bilmir. ²Bir aylıq ömrü qalıb² diaqnozu qoyulan xəstələrin uzun illər yaşamasının, bir neçə dəqiqə əvvəl sağlam gördüyümüz adamın isə qəflətən ölməsinin az şahidi olmamışıq. Ölüm nə yaşa, nə fiziki qüvvəyə, nə sağlamlığa, nə də varlı və ya kasıba fərq qoymaz. O, öz vədəsi, vaxtı tamam olunca gələr. Elə buna görə də ona hər gün, hər saat, hər an hazır olmalıyıq. İlk olaraq vaxtımızı saleh əməllər görməyə, Rəhmli və Qadir Allahın bizə bəxş etdiyi bu dünya həyatından səmərəli istifadə etməyə çalışmalıyıq. Uca Allah buyurur: “Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə endirilən ən gözəl (Sözə) tabe olun! (Sonra) kimsə deməsin ki: “Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən (dinə və dində olanlara) rişxənd edənlərdən idim!”. Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım! Həm də əzabı gördüyü zaman deməsin: “Kaş bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlərdən olardım!”.[8] Uca Allah həmçinin buyurur: “Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır. Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”- deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmış kəsə əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır”.[9] İnsan ölümə yaxınlaşdıqca gerçək olan İlahi həqiqətləri daha dərindən dərk etməyə başlayır. Keçirdiyi həyata nəzər salıb nə qazanıb, nə itirdiyini anlayır. Yalnız ölümü yaxınlaşdığı an faydasız başa vurduğu günlərinin qədrini bilir. Xüsusən də kafirlər İslam dinini qəbul etmədiklərinə görə daha çox üzülürlər. Uca Allah buyurur: “Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır”.[10] Həmçinin Uca Allah başqa bir ayədə buyurur: “İnsanları onlara əzab gələcəyi günlə qorxut. (O gün) zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, sənin dəvətini qəbul edək və elçilərin arxasınca gedək”. (Onlara deyiləcəkdir:) “Məgər əvvəllər siz (dünyadan köçməyəcəyiniz) barədə and içməmişdiniz?”.[11] Abdullah ibn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “İki nemət var ki, insanların çoxu bundan qafildirlər; sağlamlıq və boş vaxtdır”.[12] Bu hədis ona dəlalət edir ki, insanların çoxu bu iki nemətdən lazımınca istifadə etmirlər. Bu iki nemətə yiyələnən kəs vaxtından səmərəli istifadə etməklə yanaşı, Allaha da şükür etməlidir. Bu dünya axirətin tarlası və xeyri axirətdə götürülən ticarətdir. Heç bir əməl boşa getmir. Hətta zərrə qədər edilən yaxşılıq və pislik belə. Hər kim vaxtını və sağlamlığını Allaha ibadətdə keçirərsə, Qiyamət günü xeyrini görəcəkdir. Əks halda isə peşmanlıq çəkənlərdən olacaqdır. Abdullah ibn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Beş şey gəlməzdən öncə beş şeydən istifadə et. Qocalanadək cavanlığından, xəstələnədək sağlamlığından, kasıblayana qədər mal-dövlətindən, məşğul olanadək boş vaxtından və nəhayət ölüm gələnədək həyatından”.[13] Şəkk yoxdur ki, ağıllı insan ölümündən sonrakı həyata azuqə yığmaqla hazırlaşmalıdır. Etdiyi bütün günahlardan tövbə edib, saleh əməllər görməlidir. Çünki ölüm insana qəflətən gəlir. İmam əl-Buxari (Allah ona rəhmət eləsin) özünün “Səhih” kitabında ölüm haqqındakı bəzi hədisləri “Qəfləti ölüm” adlı fəsildə cəm etmişdir. Əbu Qatədə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) cənazənin yanından keçərkən dedi: “Dincəldi və ondan dincəldilər”. Səhabələr: “Ey Allahın elçisi! Dincəldi və ondan dincəldilər nə deməkdir?²– deyə soruşdular. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Mömin bəndə dünyanın yorğunluğundan dincəldi, pis insandan isə insanlar, ağaclar və heyvanlar dincəldilər”.[14] Əbədi həyat, əbədiyyət arzusu ilə yaşayan insan oğlu yalnız ölümündən sonra əbədi həyata qovuşacaqdır. Bu dünya həyatını başa vurduqdan sonra ölüb, öldükdən sonra isə yenidən dirilib, axirətdə əbədi olaraq qalacaqdır. Lakin orada necə yaşaması bu dünya həyatını necə keçirməsinə bağlıdır. Məhz buna görə hər insan saleh əməllər etməklə axirətinə hazırlıq görməlidir. Bunun üçün o, ən əvvəl aşağıdakılara əməl etməlidir. 1. Ölümü çoxlu xatırlamalıdır. Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Ləzzətlərin sonunu (Ölümü) çoxlu yadınıza salın”.[15] Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərlə (Allahın ona salavatı və salamı olsun) bir yerdə idim. Ənsarlardan bir nəfər gələrək salam verdi və sonra dedi: “Ey Allahın elçisi! Hansı möminlər daha əfzəldir?”. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Gözəl əxlaqa malik olanlar”. Sonra o, “hansı möminlər daha ağıllıdırlar?”– deyə soruşdu. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Ölümü çoxlu xatırlayanlar, və ona hazırlıq görənlər. Onlar ən ağıllıdırlar”.[16] 2. Qəbir həyatını düşünməlidir. Çünki qəbir öldükdən sonra insanın ilk mənzilidir. Osmanın (Allah ondan razı olsun) mövlası Həni (Allah ondan razı olsun) rəvayət edir ki, Osman (Allah ondan razı olsun) qəbirin yanında durduqda o qədər ağlayardı ki, saqqalı islanardı. Ona “Cənnət və Cəhənnəm xatırlandıqda ağlamırsan, buna görə ağlayırsan?!”– deyə soruşduqda. O, deyərdi: “Həqiqətən qəbir axirətin ilk mənzilidir. Hər kim bundan qurtularsa, ondan sonrakı daha asan, kim də ondan qurtulmazsa ondan sonrası daha şiddətli olar. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir ki, “Heç vaxt qəbirdən şiddətli mənzərə görmədim”.[17] 3. Vaxtının az olduğunu dərk etməlidir. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) mənim çiynimdən tutub dedi: "Dünyada bir qərib, yaxud bir müsafir kimi ol!". Abdullah ibn Ömər (Allah onlardan razı olsun) hər dəfə bu hədisi rəvayət etdikdən sonra əlavə edərdi: “Axşama çıxdıqda səhərə sağ qalacağını, səhərə çıxdıqda isə axşama sağ qalacağını gözləmə. Xəstələnənədək sağlamlığından və ölənədək həyatından istifadə et!".[18] Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: "Həqiqətən, dünya gəldi-gedərdi və o, artıq geridə qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir. İkisinin də öz oğulları (qəlbən ona bağlı olan adamlar) vardır. Siz dünya oğullarından deyil, axirət oğullarından olun! Bu gün bir iş görürsünüz, amma sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və heç bir iş görə bilməyəcəksiniz".[19] 4. Dünya malına bağlanmamalıdır. Dünya malına bağlanmaq insanı yolundan azdıran bir xəstəlikdir. Bu xəstəlikdən qurtulmaq üçün insan bu dünyada özündən aşağı olan insanlara baxmalı və bu dünyaya imtahan üçün gəldiyini dərk etməlidir. Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Özünüzdən aşağı olana baxın, sizdən yuxarı olana baxmayın”.[20] Abdullah ibn Zubeyr (Allah onlardan razı olsun) Məkkədə xütbə verərkən demişdir: “Ey insanlar! Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurdu: “Adəm övladına bir vadi dolu qızıl versələr, ikincisini istəyər. İkincisini verdikdə isə üçüncüsünü istəyər. Adəm övladının qarnını ancaq torpaq doydurur. Uca Allah, onun üçün tövbə edənlərin tövbələrini qəbul edir”.[21] Müsəlman dünya malına bağlanmamalı, axirəti üçün azuqə yığmalıdır. 5. Ölüm anını çoxlu yada salmalıdır. Bu elə bir andır ki, bunu can verən şəxsdən başqa heç kəs təsəvvür edə bilməz. Ölüm anındakı olan ağrını bədənin hər bir hissəsi hiss edir. Uca Allah buyurur: “(Can) boğaza yetişdiyi zaman – həmin an siz (can verən adama) baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz. Madam ki, siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız və doğru danışanlarsınız, onda, o canı geri qaytarın? Amma əgər o, (Allaha) yaxın olanlardandırsa, onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər. Əgər o, sağ tərəf sahiblərindəndirsə, (ona): “Sağ tərəf sahiblərindən sənə salam olsun!”- (deyiləcəkdir) Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yolda) azanlardandırsa, (ona) qaynar su ziyafəti veriləcək, özü də Cəhənnəmdə yanacaqdır. Həqiqətən, bu, şübhə doğurmayan həqiqətdir. Elə isə Ulu Rəbbinin adına təriflər de!”.[22] İnsan, xüsusilə də mömin insan ölüm anını hər zaman xatırlamalıdır. Bu xatırlama möminin ölümə hazırlıq görməsinə kömək edir. 6. Zalımların necə öldüyünü xatırlamalıdır. Mələklər zalımların canını alanda onlar əziyyət çəkirlər. Uca Allah buyurur: “Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”- (dediklərini) bircə görəydin”.[23] Uca Allah buyurur: “Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. (Mələklər) onların üzünə və yanlarına vura-vura (deyirdilər): “Dadın yandırıcı odun əzabını!”.[24] İnsan unutmamalıdır ki, etdiyi yaxşı əməllər nə qədər çox olsa belə yenə də azdır. Çünki ölüm anı gəldiyi zaman hər kəs etmədiyi yaxşı işlərə görə peşmançılıq çəkəcəkdir. O zaman dünyaya qayıdıb yaxşı işlər görmək arzusunda olsalar da, bu arzuları gerçəkləşməz. Uca Allah Öz kəlamı ilə bu hadısəni belə vəsf edir: “Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır”.[25] İbn Kəsir (Allah ona rəhmət eləsin) buyurur: “Kafirlərə ölüm anı gəldiyi zaman onları mələklərin verəcəyi əzab, başqaları üçün ibrət, şiddətli susuzluq, zincir, şiddətli yanan atəş, qaynar su, Mərhəmətli və Rəhimlinin qəzəbi və mələklərin onların ruhlarını aldıqda onları vurması, həmçinin başqa əzablar gözləyir”.[26] 7. Qəbir imtahanını xatırlamalıdır. Əsmə bintu Əbu Bakr (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) qalxıb qəbirdəki fitnə barəsində xütbə verdi. İnsanların qəbirlərində necə imtahan olunduqları haqda danışdıqda müsəlmanlar hönkür-hönkür ağlamağa başladılar.[27] Nəsainin (Allah ona rəhmət eləsin) rəvayət etdiyi hədisdə isə deyilir ki, müsəlmanların səslə ağlamasının səbəbi Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun): ”Sizin qəbirdə Dəccalın fitnəsinə yaxın bir imtahana məruz qalacağınız mənə vəhy olundu” sözləri idi.[28] Bəra ibn Azib (Allah ondan razı olsun) rəvayət edir ki, biz Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) ilə birgə ənsardan olan bir kişinin cənazəsini dəfn edərkən Allahın elçisi (Allahın ona salavatı və salamı olsun) qəbrin yanında oturdu, biz də sakitcə onun ətrafında əyləşdik. O, əlindəki çubuğu yerə vururdu. Sonra başını qaldırıb buyurdu: “Qəbir əzabından Allaha sığının!” O, bunu üç dəfə təkrar etdikdən sonra dedi: “Mömin bəndə dünyadan köçüb axirətə qovuşduqda, göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enir. Onlar özləri ilə Cənnətdən kəfən və ətir gətirir, (onun) gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: “Ey gözəl ruh! Allahın mərhəmətinə və xeyir-duasına qovuşmaq üçün çıx (oradan!)” Nəhayət, mömin bəndənin ruhu bədənindən, su damcısı qabın ağzından axıb töküldüyü kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında, (oturub gözləyən) mələklərə təhvil verir, onlar da onu kəfənə büküb ətirləyirlər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən gözəl ətirin qoxusuna bənzər gözəl bir qoxu gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: “Görəsən, bu gözəl ruh kimin ruhudur?”– deyə soruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəsdir”– deyə bu bəndəni, (camaatın) onu həyatda ikən çağırdığı ən gözəl adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə, göy qapılarının açılmasını xahiş edir və onun qapıları taybatay açılır. Hər bir göyün mələkləri o ruhu növbəti göyə qədər beləcə yola salır. Nəhayət, yeddinci göyə gəlib çatdıqda, qüdrətli və əzəmətli Allah buyurur: “Mənim qulum barədə olan qeydləri İlliyyuna yazın, sonra da onu qaytarın yerə. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaratdım, öləndən sonra ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağam.” Mələklər onu bədəninə qaytardıqdan sonra iki mələk gəlib onu otuzdurur və: “Rəbbin kimdir?”– deyə soruşurlar. O: “Rəbbim Allahdır!”– deyə cavab verir. Onlar: “Dinin nədir?”– deyə soruşurlar. O: “Dinim İslamdır!”– deyə cavab verir. Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”– deyə soruşurlar. O: “Bu, Allahın elçisi (Allahın ona salavatı və salamı olsun) idi!”– deyə cavab verir. Onlar: “Həyatda ikən sən nə öyrəndin?”– deyə soruşurlar. O: “Mən Allahın Kitabını oxuyub ona iman gətirdim və ona sadiq oldum”– deyə cavab verir. Bu vaxt göydən belə bir səda gəlir: “Mənim qulum doğru danışır. Cənnət nemətlərini onun önünə sərin və onun üçün Cənnətdən bir qapı açın!” Beləliklə, Cənnətin gözəl iyi və havası ona gəlir, qəbri də gözlərinin gördüyü son məsafəyə qədər genişlənir. Sonra gözəl görkəmli, əynində yaraşıqlı paltarı olan və üst-başından ətir iyi gələn bir kişi onun yanına gəlib deyir: “Səni sevindirəcək bir xəbərə sevin! Bu, sənə vəd olunan gündür!” Mömin: “Sən kimsən? Sənin üzündən xeyirxahlıq yağır!”– deyə soruşur. O da: “Mən sənin yaxşı əməlinəm!”– deyə cavab verir. Onda mömin dua edib deyir: “Allahım! Qoy Qiyamət günü tez gəlsin ki, mən öz ailəmə qayıdıb var-dövlətimə sahib olum.” Kafir bəndə dünyadan köçüb axirətə qovuşduqda göydən onun yanına zəhmli və qara simalı mələklər enir. Onlar özləri ilə Cəhənnəmdən giş (cod parça) gətirir və gözünün gördüyü son məsafədə oturub gözləyirlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyir: “Ey yaramaz ruh! Allahın qəzəbi və qeyzinə düçar olmaq üçün çıx (oradan)” Nəhayət onun ruhu bədənindən, tikanlı məftil yaş yunun arasından keçdiyi kimi çıxır. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında, (oturub gözləyən) mələklərə təhvil verir, onlar da onu gişə bükürlər. Bundan sonra ondan, yer üzündə mövcud olan ən pis iyə bənzər bir iy gəlir. Sonra mələklər onu götürüb göyə qaldırırlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçirlərsə, onlar: “Görəsən bu iyrənc ruh kimin ruhudur?”– deyə soruşurlar. Onlar: “Bu, filankəsin oğlu filankəsdir”– deyə bu bəndəni, (camaatın) onu həyatda ikən çağırdığı ən pis adla çağırırlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə göy qapılarının açılmasını xahiş edir, lakin onun qapıları açılmır. Sonra Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bu ayəni oxudu: “Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər”.[29] Sonra o (rəvayətinə davam edib) dedi: “(Allah buyurur): “Mənim qulum barədə olan qeydləri yerin alt təbəqəsində yerləşən Siccinə yazın. Çünki Mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağam”. Mələklər onu ruhunu göydən aşağı atırlar. Sonra Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bu ayəni oxudu: “Kim Allaha şərik qoşsa, sanki o, göydən yerə düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar”.[30] Sonra o (rəvayətinə davam edib) dedi: “Onun ruhu bədəninə qayıtdıqdan sonra iki mələk gəlib onu otuzdurur və: “Rəbbin kimdir?”– deyə soruşurlar. O, mızıldanıb deyir: “M-mm... Bilmirəm!” Onlar: “Sizə göndərilmiş o kişi kim idi?”– deyə soruşurlar. O, yenə mızıldanıb deyir: “M-mm... Bilmirəm!” Bu vaxt göydən belə bir səda gəlir: “O, yalan danışır. Onun yolunu alovlandırın və onun üçün Cəhənnəmdən bir qapı açın!” Beləliklə, Cəhənnəm atəşi və alovlu külək ona dəyir, qəbri də o qədər sıxılır ki, qabırğaları bir-birinə keçir. Sonra eybəcər sifətli, əynində nimdaş paltarı olan və üst-başından pis qoxu gələn bir kişi onun yanına gəlib deyir: “Mən səni kədərli bir xəbərlə müjdələyirəm. Bu, sənə vəd olunan gündür!” Kafir: “Sən kimsən? Sənin üzündən şər yağır!”– deyə soruşur. O da: “Mən sənin yaramaz əməllərinəm!”– deyə cavab verir. Onda kafir yalvarıb deyir: “Allahım! Qoyma Qiyamət qopsun”.[31] 8. Qəbir əzabını və mükafatını xatırlamalıdır. Qəbir əzabı və mükafatı barədə Quran və sünnədə çoxsaylı dəlillər mövcuddur. Uca Allah Fironun Qiyamətə qədər qəbirdə əzab çəkəcəyi barədə Qurani Kərimdə belə bildirir: “Firon nəslini isə dəhşətli əzab bürüdü. Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!”.[32] Başqa ayədə buyurur: “Həqiqətən, zalımlar üçün buna qədər (başqa) əzab da hazırlanmışdır. Lakin onların çoxu (bunu) bilmir”. [33] Bu ayədə nəzərdə tutulan əzab, qəbirdə olan əzabdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bir dəfə qəbirlərin yanından keçdikdə: “Kim bu qəbir sahiblərini tanıyır?”– deyə soruşdu. Bir nəfər: "Mən”– deyə səsləndi. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun): “Onlar nə zaman vəfat ediblər?”– dedi. Kişi: “Şirk içində ölüblər”– deyə cavab verdi. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Bu ümmət qəbirlərində imtahan olunurlar. Bir-birinizi dəfn etməsəydiniz, Allaha dua edərdim ki, mən eşitdiyimi siz də eşidəsiniz”. Sonra üzünü bizə tərəf çevirərək dedi: “Qəbir əzabından Allaha sığının!”. Onlar da: “Qəbir əzabından Allaha sığınırıq”– dedilər.[34] Səhabələr qəbir əzabı haqqında eşidəndə qorxularından halları dəyişərdi. Hər bir insanın qəbri sıxılacaqdır. Bu sıxılmadan heç bir insan canını qurtara bilməyəcəkdir. Lakin bu sıxılma kafirlər üçün qəzəb və nifrət olsa da, möminlər üçün fərəh və sevinc olur.[35] Qəbir əzabı şiddətli olduğu üçün Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bizə hər namazın axırında qəbir əzabından Allaha sığınmağımızı əmr etmişdir. Şəkk yoxdur ki, Allahın nurlandırdığı qəbirlərdən başqa hamının qəbri zülmət içində olacaqdır. Yaşadığımız bu dünyanın əsas yükünü bədən çəkir, ruh da ona tabe olur. Qəbir həyatında isə əksinə olaraq üstünlük ruha verilir və orada bədən ona tabe olur. Qiyamət günündə isə həm bədən həm də ruh bərabər olaraq ya əzabı, ya da veriləcək olan neməti dadacaqlar. Qəbir həyatı deyildikdə məlumdur ki, ölümdən sonrakı Qiyamətə qədər olan müddət nəzərdə tutulur. Bütün insanlar kimliyindən və necə ölməyindən asılı olmayaraq qəbir həyatını keçməlidirlər. İstər insan şəriət qaydaları ilə dəfn olunsun, istərsə də dənizdə boğulub ölsün, yaxud vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilsin və ya yanıb kül olsun. Hər bir halda bütün insanlar bu və ya digər şəkildə qəbir həyatını yaşamalıdır. İnsan qəbirə qoyulduqdan sonra iki mələyin gəlib insanı qəbirdə imtahan eləməsi barədə olan hədislər bir çox səhabə tərəfindən rəvayət olunmuşdur. Yəni bu mənada olan hədislərin sayı yetmişə yaxındır. İnsanı qəbirdə əzab çəkməyə vadar edən bir çox səbəblər vardır. Bunlardan ən mühümləri; Allah barədə qafil olmaq, Onun əmirlərini yerinə yetirməmək, haram buyurduğu şeylərdən çəkinməmək, nəmmamlıq etmək, nəcasətdən qorunmamaq, yalan uydurub aləmə yaymaq, zina etmək, sələm yemək, Qurana əməl etməmək, namazlara səhlənkar yanaşmaq, qeybət etmək, insanların namusuna sataşmaq və s. Hər bir təqvalı müsəlman bunlardan mütləq çəkinməlidir. Həmçinin qəbir əzabından qorunmaq üçün bir çox vasitələr də varid olmuşdur. Bunlara Allah yolunda şəhid olmaq, qəbir əzabına aparan əməllərdən çəkinmək, tövbəni gecikdirməmək, Allah yolunda keşik çəkdikdə ölmək və s. daxildir. Hər bir müsəlman qəbirdə əzaba düçar olmamaq üçün bunları və bunlardan başqa xeyir əməlləri etməlidir. Müsəlman həmişə qəbir həyatını xatırlamalı, ona hazırlıq görməli və Allaha çoxlu dua etməlidir. 9. Dünyaya çox bağlanmamalı və Allaha çoxlu ibadət etməyə can atmalıdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Allaha and olsun ki, sizin kasıb olmanıza görə qorxmuram. Qorxuram ki, dünya sizdən öncəkilərin üzünə açıldığı kimi sizin də üzünüzə açılsın. Sizdən öncəkilərin bir-birlərini ötməyə çalışdıqları kimi siz də ona yiyələnmək üçün bir-birinizi ötməyə çalışasınız və onların həlak olduğu kimi həlak olasınız”.[36] İbn Həcər (Allah ona rəhmət eləsin) bu hədisi şərh edərkən buyurmuşdur: “Dünya üçün yarışmaq dinin həlak olmasına gətirib çıxarır”.[37] Hər hansı bir insan dünyaya nail olmaq üçün can atırsa o insan dinini unudanlardan olur. İmam Qurtubi (Allah ona rəhmət eləsin) bu hədisdəki “həlak olma” sözünü dünya işlərinə aludə olub axirət üçün hazırlaşmağı unutmaq kimi izah etmişdir.[38] Bu hədisdən aydın olduğu kimi dünya malına can atmaq şər və qorxuludur. Uca Allah bu dünyanı vəsf edərək buyurur: “Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, mal-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”.[39] Şəkk yoxdur ki, hər bir saleh olan əməl ibadətdir. İnsana yalnız bu fayda verəcəkdir. Bu dünyanın isə Allah yanında heç bir qədir qiyməti yoxdur. Səhl ibn Səd (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Dünyanın Allah yanında ağcaqanadın qanadı qədər qədir qiyməti olsaydı kafirə bir qurtum belə su verməzdi”.[40] Onu da dərk etmək lazımdır ki, müsəlman nə qədər yaxşı əməllər etsə belə arxayınlaşmamalı və bacardığı qədər ibadətlərini çoxaltmalıdır. Əbu Hüreyrə (Allah ondan razı olsun) ölüm ayağında olarkən ağlayaraq deyir: “Mənim sursatım azdır, qarşımda isə səhra böyükdür və mən bilmirəm o, harada qurtaracaq Cənnətdə, yoxsa Cəhənnəmdə”. Müsəlman dünya malına yiyələnmək üçün bütün gücünü buna sərf etməməli və insanları bundan çəkindirməlidir. 10. Dil ilə gözəl sonluğu istəyib əməl ilə ona can atmalıdır. Şəkk yoxdur ki, insan gözəl sonluğa yiyələnmək üçün Allaha dua edib, əməlləri ilə ona yaxınlaşmalıdır. Uca Allah buyurur: “Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir”.[41] Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Həqiqətən əməllər sonluğuna görədir”.[42] Müsəlman yaxşı və pis sonluğa aparan əməlləri bir-birindən ayırmağı bacarmalı və yaxşı işlər görməkdə həmişə tələsməlidir. Çünki ölüm insana qəflətən gəlir. Gözəl sonluğa aparan səbəblərdən bəziləri aşağıdakılardır. Birinci səbəb: Ömrünün pis sonluqla başa çatmasından qorxaraq yaxşı işlər görməyə can atmaq. Sələfilər həmişə pis sonluqdan qorxar və əməllərini gözəlləşdirərdilər. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) ətrafında olan səhabələr belə Cənnətlə müjdələnmələrinə baxmayaraq, nifaqdan qorxurdular. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) Cənnətlə müjdələnən on səhabədən biri olsa da münafiq olmasından qorxurdu. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) münafiqlərin adını Huzeyfə ibn Yəmənə (Allah ondan razı olsun) dediyi üçün ona yaxınlaşaraq öz adının da onların içində olub olmadığını soruşur.[43] Abdullah ibn Əbu Məlikəh (Allah ona rəhmət eləsin) demişdir: “Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) otuz səhabəsi ilə qarşılaşdım, onlardan hər biri özlərinə görə nifaqdan qorxurdular”.[44] Uca Allah bəzi insanların canını alanda pis sonluqla alır. Ağıllı insanlar üçün bu cür hadisələrdə ibrətlər vardır. Bu cür pis sonluqlardan biri Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) nəvəsi Hüseyn ibn Əlini (Allah onlardan razı olsun) öldürən Ubeydullah ibn Ziyada aiddır. Bu insan Peyğəmbərin nəvəsini öldürdükdən sonra saleh insanların hamısı ondan üz döndərmişdilər. Əməlisaleh insanlardan olan İbn Muğaffəl (Allah ona rəhmət eləsin) xəstələnib, ölüm ayağında olarkən əmir Ubeydullah onu ziyarətə gəlib deyir: “Bizə nəyi vəsiyyət edirsən?” O: “Mənim üçün namaz qılma və mənim qəbrimə gəlmə”– deyə cavab verir. Onun anası Mərcanə oğlu Ubeydullaha deyirdi: “Peyğəmbərin qızının oğlunu öldürdün, Cənnəti görməyəcəksən”. Nəhayət hicrətin atmış yeddinci ilində Ubeydullah öldürülür və başı kəsilərək Şama göndərilir. Bu hadisənin şahidi olmuş Əbu Tufeyl bu hadisəni belə vəsf edir: “Yeddi baş göndərildi. Onlardan Hüseyn ibn Numeyr və Ubeydullah ibn Ziyadın başını örtdüm. Sonra gəlib açdığımda ilanın Ubeydullahın başını yediyini gördüm”. Umarəh ibn Umeyr dedi: “Ubeydullah ibn Ziyadın və onun dostlarının başını gətirdilər. Onların yanına gəldikdə dostları “gəldi, gəldi” sözlərini deyirdilər. Bir ilan başlara yaxınlaşaraq Ubeydullahın burnunun deşiyinə daxil oldu. Bir az qaldıqdan sonra çıxıb gözdən itdi. Onlar yenə də “gəldi, gəldi” sözlərini deməyə başladılar. Bu hal iki, ya da üç dəfə təkrar olundu”.[45] İkinci səbəb: Bütün günahlardan tövbə etmək. Bununla yanaşı həmçinin saleh əməllər etmək. Uca Allah buyurur: “Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız”.[46] Başqa bir ayədə buyurur: “Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm. Əzabım isə üzücü əzabdır”.[47] Şəkk yoxdur ki, günah etdikdən sonra peşiman olub tövbə edən kəs o günahı etməmiş kimidir. Üçüncü səbəb: Gözəl sonluğu Allahdan istəmək. Məhz buna görə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) həmişə Allahdan dinində sabit qalmasını istəyərdi. Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) ”Ey qəlbləri dəyişdirən, qəlbimi dinin üzərində sabit et!” duasını çoxlu-çoxlu edərdi.[48] Müsəlman gözəl sonluğa aparan hər bir duanı çoxaltmalıdır. Dördüncü səbəb: Günahlara nifrət edərək onlardan uzaqlaşmaq. Müsəlman Allah və Rəsulunun (Allahın ona salavatı və salamı olsun) haram buyurduğu şeylərə nifrət etməlidir. İnsan günah edib, günahında israr edərsə, sonluğunun pis başa çatmasına səbəb olar. Hər bir insan Qiyamət günü sonuncu etdiyi əməlləri ilə diriləcəkdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Kim hansı əməl üzərində ölərsə Allah həmin əməllə də onu dirildər”.[49] Beşinci səbəb: Bəla gəldikdə səbir etmək gözəl sonluğa aparan səbəblərdəndir. Eləcə də bəla gəldikdə səbir etməmək pis sonluğa gətirib çıxara bilər. Mömin bəndə hətta bəla gəldikdə belə Allahın razılığını qazanmağa çalışmalıdır. Çünki müsibətə səbr etmək günahları təmizləyir. Müsəlman bəndə səbir etdiyi əməlin savabını Allahdan ummalıdır. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Xəstələnib əziyyət çəkən elə bir müsəlman yoxdur ki, Allah onun günahlarını ağac yarpaqlarını tökdüyü kimi tökməsin.”[50] Altıncı səbəb: Allah barədə gözəl zənn etmək. Allah barədə pis zənn etmək insanın ölümünün pis sonluqla bitməsinə gətirib çıxarır. Müsəlman bəndə yəqinliklə etiqad etməlidir ki, Uca Allah zərrə qədər də olsun heç kimə zülm etmir. Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) ölümündən üç gün əvvəl onun belə dediyini eşitdim: “Sizlərdən biriniz Allah barədə gözəl zənn etməyincə, ölməsin”.[51] Yeddinci səbəb: Uca Allahın möminlərə əbədi olaraq vəd etdiyi nemətlərdən xəbərdar olmaq. Çünki elmli olmaq əməl etməyə ən böyük səbəbdir. Uca Allah buyurur: “Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha daimidir. Məgər başa düşmürsünüz?”.[52] Səkkizinci səbəb: Bu dünyanın qısa müddət olduğunu dərk etmək, gözəl sonluğa gətirib çıxaran bir amildir. Uca Allah buyurur: “Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq. Onlar: “Bir gün, yaxud bir gündən də az qaldıq. Sən (günləri) sayanlardan soruş”- deyəcəklər. (Allah) deyəcək: “Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz! Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?”.[53] Başqa bir ayədə buyurur: “Onlar vəd olunduqlarını görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar”.[54] Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Dünya möminin zindanı, kafirin isə Cənnətidir”.[55] Mömin bəndə dünyanın qısa olduğunu düşünüb saleh əməllər görməklə Allaha yaxınlaşmalıdır. Ömrü nə qədər uzun olsa bir o qədər xeyir işlərində davam etməlidir. Əbu Bəkr (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın elçisi, hansı insanlar daha xeyirlidir?”. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Ömrü uzun əməli gözəl olan”. Sonra yenidən soruşdu: “Bəs hansı insanlar daha şərdirlər?”. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) cavab verdi. “Ömrü uzun olub əməli pis olanlar”.[56] Onu da qeyd edək ki, əlinizdəki kitab daima Uca Allaha möhtac olan insan əməyinin bəhrəsidir və buna görə də orada xətaların olması labüddür. Hər hansı bir xəta ilə üzləşdikdə və ya mövzu ilə bağlı daha maraqlı təklifiniz olarsa [email protected] elektron ünvanına yazmanızı xahiş edirik. [1] Ali İmran surəsi, 102.[2] ən-Nisa surəsi, 1.[3] əl-Əhzab surəsi, 70-71.[4] Ali İmran surəsi, 185[5] ən-Nisə surəsi, 78[6] əl-Cumə surəsi, 8.[7] Həkim 4/325. Albani hədisi həsənləşdirmişdir.[8] əz-Zumər surəsi, 54-58[9] əl-Munəfiqun surəsi, 9-11[10] Muminun surəsi, 99-100[11] İbrahim surəsi, 44[12] Səhih əl-Buxari, 6412[13] Hakim, 4/306. Albani hədisi səhihləşdirmişdir.[14] Səhih Muslim, 950.[15] Sünən ət-Tirmizi, 2307. Sünən ən-Nəsai, 1823. Sünən İbn Macə, 4258.[16] Sünən İbn Macə, 4259. Albani hədisi səhihləşdirmişdir.[17] Sünən ət-Tirmizi, 2307. Sünən İbn Macə, 4267.[18] Səhih əl-Buxari, 6416.[19] Səhih əl-Buxari, 6417.[20] Sünən ət-Tirmizi, 2513. Sünən İbn Macə, 4142. Albani hədisi səhihləşdirmişdir.[21] Səhih əl-Buxari, 6438.[22] əl-Vaqiə surəsi, 83-96.[23] əl-Ənam surəsi, 93.[24] əl-Ənfal surəsi, 50.[25] əl-Muminun surəsi, 99-100.[26] Təfsir İbn Kəsir, 487.[27] Səhih əl-Buxari, 1373.[28] Sünən ən-Nəsai, 2061. Albani hədisi səhihləşdirmişdir.[29] Əraf surəsi, 40.[30] əl-Həcc surəsi, 31.[31] Sünən Əbu Davud, 3212.[32] Ğafir surəsi, 45-46.[33] ət-Tur surəsi, 47[34] Səhih Muslim, 2867.[35] Həşiyətu əs-Sindi alə Sunəni ən-Nəsai, 4/ 100.[36] Səhih əl-Buxari, 6427. Səhih Muslim, 1052.[37] Fəthul-Bari, 6/363.[38] əl-Fəhmu ləmə Əşkələ min Təlxisi Kitabu Muslim, 7/133.[39] əl-Hədid surəsi, 20.[40] Sünən ət-Tirmizi, 2320. Sünən İbn Macə, 4110.[41] əl-Ənkəbut surəsi, 69.[42] Cəmiul-Ulum vəl-Hikəm, 1/172.[43] Bidəyə vən-Nihəyə, 5/19.[44] Səhih əl-Buxari, 1/21.[45] Siyar Əlamun Nubələ, 5/51-52.[46] ən-Nur surəsi, 31.[47] əl-Hicr surəsi, 49-50.[48] Sünən ət-Tirmizi, 3522.[49] Əhməd, 3/314. Albani hədisi səhihləşdirmişdir.[50] Səhih əl-Buxari, 5648. Səhih Muslim, 2571.[51] Səhih Muslim, 2877.[52] əl-Qasas surəsi, 60.[53] əl-Muminun surəsi, 112-115.[54] əl-Əhqaf surəsi, 35.[55] Səhih Muslim, 2956.[56] Sünən ət-Tirmizi, 2330. Albani hədisi səhihləşdirmişdir.
التفاصيل